İyunun 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokellə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Alyansla əməkdaşlıq məsələləri müzakirə olunub.
“Müxtəlif sahələrdə aparılan Azərbaycan-NATO əməkdaşlığının əsas məqsədinin Avro-Atlantik məkanda, həmçinin dünya miqyasında vahid təhlükəsizlik sisteminin yaradılmasında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılması olduğunu qeyd edən müdafiə naziri bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, diviziya generalı M.Tokel Alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etdiyini xüsusi qeyd edib. O, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.
“Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə