İyunun 22-də Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunu təsdiq edib.
Qanunun mətni dövlət başçısının saytında dərc olunub.
Qanuna əsasən, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır.
Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək; Şuşa şəhərində yerləşən tarix və mədəniyyət abidələrinin həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək; Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq və s.
Nazirlər Kabineti üç ay müddətində Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərini müəyyənləşdirib təsdiq etməli, Şuşa şəhərinin ərazisində abidələrin monitorinqinin keçirilməsi qaydasını təsdiq etməlidir.
Bundan başqa, Nazirlər Kabinetinə Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını üç ay müddətində təsdiq etmək, eləcə də Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələrinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.*
Ə.Məmmədov