Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın növbəti iclası 2021-ci ilin payızında Ər-Riyadda keçiriləcək.
Bu barədə Səudiyyə Ərəbistanının investisiya naziri, komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.
XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Xalid Əl-Falih Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib. Xüsusilə bərpa olunan enerji və neft-kimya sahələrində əməkdaşlıq imkanları müzakirə mövzusu olub. Bundan əlavə, Səudiyyə Ərəbistanı Azərbaycanla sərnişindaşıma və yükdaşımaların artırılmasında maraqlıdır.
O əlavə edib ki, Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında keçiriləcək iclasında Azərbaycan–Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkili məsələləri müzakirə olunacaq.
Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dövlət başçıları səviyyəsində münasibətlərə toxunaraq, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və əməkdaşlığın digər sahələrdə də inkişafının vacibliyini vurğulayıb. O, iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı, turizm və mədən sənayesi sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. Nazir Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixracında maraqlı olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın 5-ci iclası 2019-cu ilin mart ayında Bakıda keçirilib.*
X.Nəsirzadə