“SOCAR-Petrofac” birgə müəssisəsi və BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun işlənməsi üzrə “Mərkəzi Şərqi Azəri” layihəsi çərçivəsində əməkdaşlıqla bağlı razılığa gəlib.
“SOCAR–Petrofac” birgə müəssisəsi Azərbaycanda BP-nin operatorluğu ilə həyata keçirilən “Mərkəzi Şərqi Azəri” layihəsinə dəstəklə bağlı təxminən $25 milyon dəyərində yeni müqavilə bağlayıb. İşlərin həcminə birgə müəssisə tərəfindən obyektlərin istismara verilməsi üzrə texniki mütəxəssislər və digər ixtisaslaşmış heyətin təqdim edilməsi, ölkənin həm quruda, həm də dənizdəki iş sahələrində layihənin dəstəklənməsi üçün əlaqəli xidmətlərin göstərilməsi daxildir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi “Petrofac” şirkətinə istinadən xəbər verir.
“Xidmət sektoru son illərdə SOCAR-ın əsas fəaliyyət sahələrindən birinə çevrilib. Bu, korporativ inkişafımızda mühüm rol oynayır. “SOCAR-Petrofac” artıq tam gücü ilə işləyir, əhatə dairəsini genişləndirir və yeni uğurlar əldə edir. Hesab edirəm ki, imzaladığımız saziş həm birgə müəssisənin inkişafına, həm də BP ilə tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmağa ciddi təkan verəcək”, - deyə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.
“Bu müqavilə ölkədə fəaliyyətimizin genişləndirilməsinə əsaslanır. “SOCAR-Petrofac” birgə müəssisəsi BP-nin Xəzər dənizində həyata keçirdiyi əməliyyatları daha geniş dəstəkləmək üçün yaxşı imkanlara malikdir. İşlərin həcminə müqavilənin qüvvədə olduğu müddət ərzində 150-yə yaxın mütəxəssisin səfərbər edilməsi və işə salma-sazlama işlərinin təhlükəsiz və uğurla yerinə yetirilməsi üçün bütün müvafiq yardımçı xidmətlərin göstərilməsi daxildir”, - deyə “Petrofac Training Services”in qlobal rəhbəri və “SOCAR-Petrofac” şirkətinin Direktorlar Şurasının üzvü Petti Eyd bildirib.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabr ayında SOCAR və “Petrofac” arasında birgə nizamnamə kapitalı 100 min manat olan müəssisənin yaradılmasına dair təsis müqaviləsi imzalanıb. Birgə müəssisədə SOCAR-ın payı 51%, "Petrofac" şirkətinin payı 49%-dir.
Birgə müəssisənin yaradılmasında məqsəd hər iki şirkətin öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Şirkətin fəaliyyət sahəsinə Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün əməkdaşların təkmil və müasir proqramlar əsasında təlimi üzrə xidmətlərin göstərilməsi daxildir.
“Mərkəzi Şərqi Azəri” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Mərkəzi Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 milyard təşkil edir.
Layihə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur. Layihə çərçivəsində tikinti işləri 2022-ci ilin ortalarınadək davam edəcək. “Mərkəzi Şərqi Azəri” layihəsi çərçivəsində ilk neft hasilatına 2023-cü ildə başlanılması planlaşdırılıb.
AÇG layihəsinin iştirakçıları BP (layihənin operatoru - 30,37%), SOCAR (25%), “MOL” (9,57%), “ExxonMobil” (6,79%), ONGC (2,31%), “Inpex Corp.” (9,31%), “ITOCHU Oil” (3,65%), “Equinor” (7,27%) və TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.*
N.Abbasova