Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadiyyatına $18,5 milyarddan çox sərmayə yatırıb. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Təşkilata üzv ölkələr isə indiyə kimi Azərbaycan iqtisadiyyatına $16,9 milyard həcmində investisiya qoyub”, - deyə nazir bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin videokonfrans formatında keçirilən IV iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi ötən il təxminən $4,9 milyard olub. Bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 20% təşkil edir.
İqtisadi Əməkdaşlıq Təşkilatı 1977-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. 1992-ci ildə Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulub.*
B.Rüstəmbəyov