Azərbaycan hərraclar vasitəsilə bərpa olunan enerji mənbələri sahəsində təxminən 700 MVt-lıq əlavə enerji gücləri yaratmağı planlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Bu gün bölgədə yaranmış yeni reallıqlar təhlükəsizlik və sabitliyi möhkəmləndirəcək yeni layihələrlə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində enerji də daxil olmaqla geniş əməkdaşlığa yol açır. Gələcəkdə təxminən 700 MVt-lıq bərpa olunan enerji layihələri üzrə planlaşdırılan hərraclar, həmçinin Xəzər dənizinin külək, Qarabağın isə zəngin külək, günəş və hidro potensialından birgə istifadə İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində enerji və iqtisadi əməkdaşlığı dərinləşdirə biləcək imkanlardır”, - deyə nazir bu gün İƏT-in energetika nazirlərinin IV iclasında çıxışı zamanı bildirib.
Energetika Nazirliyi 2020-ci ilin yanvar ayında “ACWA Power” və “Masdar” şirkətləri ilə bərpa olunan enerji mənbələri sahəsində pilot layihələrin reallaşdırılması haqqında icra müqavilələri imzalayıb.
“ACWA Power” və “Masdar” şirkətlərinin iştirakı ilə layihələr build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihələrin reallaşdırılmasına ümumi sərmayə qoyuluşu $500 milyon məbləğində qiymətləndirilir.
“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyasının gücü 230 MVt, “ACWA Power” şirkətinin inşa edəcəyi külək elektrik stansiyasının gücü 240 MVt təşkil edəcək. Stansiyaların 2023-cü ildə istismara verilməsi planlaşdırılır.
Bundan başqa, 2021-ci ilin aprel ayında Energetika Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, IFC ilə əməkdaşlıq Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib-hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəkləri nəzərdə tutur.
Azərbaycanda enerji sisteminin ümumi gücünün 17%-i və ya 1,276 min MVt-ı bərpa olunan enerji mənbələrinin payına düşür. Ölkədə elektrik enerjisinin faktiki istehsalında bərpa olunan enerji mənbələrinin payı iri su elektrik stansiyalarının gücü nəzərə alınmaqla təxminən 8% təşkil edir.*
N.Abbasova