Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Tərəflər müxtəlif sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfinin Türkiyə ilə uçuşları bərpa etmək qərarına, eləcə də “Sputnik V” peyvəndinin tədarükünə başlanılmasına görə təşəkkür edib”, - deyə məlumatda bildirilir.
Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. “Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib. Türkiyə Prezidenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub”, - deyə məlumatda qeyd olunur.*