2021-ci ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 170,6 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
May ayında fondun agent bankları tərəfindən 35,8 milyon manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, cari ilin 5 ayı ərzində İKZF 112,8 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2020-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 5,9 dəfə - İF).
May ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. Ümumilikdə, yanvar-may aylarında fond dövlət büdcəsindən 35,6 milyon manat vəsait alıb.
2020-ci ildə İKZF-nin agent bankları tərəfindən 257,5 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
X.Nəsirzadə