2021-ci ilin yanvar-may aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 3,7% - 15 milyard 67,1 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci ilin iyun ayının əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 906,9 milyon manat (hesabat dövründə artım 1,5% - İF) və ya bütün kreditlərin 6%-ni (2020-ci ilin sonuna 6,1%) təşkil edir.
2021-ci il iyunun 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 872,3 milyon manat (artım 3,5%) və ya bütün kreditlərin 19,1%-i, özəl banklar tərəfindən 11 milyard 819,1 milyon manat (artım 3,9%) və ya bütün kreditlərin 78,4%-i həcmində kredit verilib. Qalan 375,7 milyon manat (artım 0,6%) bank olmayan kredit təşkilatlarının payına düşür.
İyun ayının əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 927 milyon manat (artım 7,1%) milli valyuta, 4 milyard 140,1 milyon manat (azalma 4,3%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 27,5% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.
2021-ci il iyunun 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 560,1 milyon manat (bütün kreditlərin 17%-i) ticarət və xidmət sahələrinin, 778,4 milyon manat (5,2%) energetika, kimya və təbii sərvətlər sektorunun, 566,3 milyon manat (3,8%) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 721,9 milyon manat (4,8%) tikinti və daşınmaz əmlak sahələrinin, 924,6 milyon manat (6,1%) sənaye və istehsal sektorunun, 825,9 milyon manat (5,5%) nəqliyyat və rabitə sahələrinin, 7 milyard 152 milyon manat (47,5%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-may aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 6,6% artıb.**
Ə.Məmmədov