Azərbaycan prezidenti İlham Əliyev Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzlərin əlaqələndirici orqanı qismində müəyyən olunur.
Xüsusilə, Mərkəzin fəaliyyəti ilkin mərhələdə Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının inzibati binalarında təşkil ediləcək.
Nazirlik Mərkəzdə xidmət göstərəcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında əlaqələndirməni Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirməklə nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişikliklər edilməsini üç ay müddətində təmin etməlidir.
Həmçinin, nazirlik Mərkəzin fəaliyyəti barədə ildə iki dəfə Azərbaycan prezidentinə məlumat verməlidir.
Fərmanın mətni cümə günü dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə