Azərbaycan “EUROPA 2021” poçt markaları müsabiqəsində iştirak edəcək. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC məlumat verir.
Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) “Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət” mövzusunda “EUROPA 2021” poçt markalarının buraxılışına qərar verib. “Azərmarka” müsabiqədə iştirak məqsədilə Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbirinə (Panthera Pardus Ciscaucasica) həsr edilmiş poçt markasını dövriyyəyə buraxıb”, - məlumatda qeyd edilir.
Həmçinin, “Azərmarka” tərəfindən Muflon (Ovis Orientalis) və Cənubi Qafqaz kərtənkələciyinə (Eremias Pleskei) həsr edilmiş poçt markaları dövriyyəyə buraxılıb.
“Azərmarka” Belarusda (Bobruysk şəhərində) 350 min tirajla marka sifariş edib.
Qaliblər səsvermə yolu ilə müəyyən ediləcək. Mayın 9-da başlanan səsvermə 9 sentyabr tarixində başa çatacaq.**
X.Nəsirzadə