Azərbaycan 2021-ci ilin yanvar-aprel aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 3 milyard 929,17 milyon kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 7,8% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
Aprel ayında Türkiyəyə 771,2 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 16,32%-i Azərbaycanın payına düşüb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 15,86% azalıb.
Azərbaycan 2021-ci ilin aprel ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü yerdə qərarlaşıb. Birinci yerdə Rusiya (53,09%), ikinci yerdə İran (18,35%), dördüncü yerdə Əlcəzair (7,74%) qərarlaşıb.
Azərbaycan 2020-ci ilin mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, avqust ayından 2021-ci ilin mart ayınadək isə ikinci pilləyə enib (Rusiyadan sonra).
Aprel ayındaTürkiyəyə 4 milyard 725,19 milyon kubmetr qaz (2020-ci ilin aprel ayı ilə müqayisədə artım 79,39%) ixrac edilib. 4 milyard 146,84 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 87,8,1%-i, artım 2,98 dəfə), 578,35 milyon kubmetr (bütün ixracın 12,2%-i, azalma 53,6%) isə LNG-nin payına düşüb. Bütün ixrac 5 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair və Nigeriya (LNG)) həyata keçirilib.
Xəbər verildiyi kimi, 2021-ci il aprelin 16-dək Azərbaycan qazının Türkiyəyə ixracı “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində müqavilələrə əsasən həyata keçirilib. Lakin aprelin 16-dən BOTAS-ın Mərhələ-1 üzrə qaz alqı-satqısı üzrə müqaviləsinin müddəti bitib və ixrac yalnız Mərhələ-2 çərçivəsində həyata keçirilib. Eyni zamanda, hazırda Şahdəniz konsorsiumu və BOTAS Mərhələ-1 çərçivəsində Türkiyəyə qaz ixracına dair yeni müqavilənin imzalanması ilə bağlı danışıqları davam etdirirlər.
2020-ci ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 11 milyard 547,99 milyon kubmetr qaz (artım 20,5%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova