Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2023-cü ilin birinci yarısında Azərbaycanın qərbində yerləşən yeni “Zəfər” qızıl və mis yatağında tammiqyaslı hasilata başlamağı planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə şirkətin məlumatında deyilir.
“Şirkət “Zəfər” yatağının istismara verilməsi hesabına yaxın iki ildə hasilatı artırmağı planlaşdırır. Bu ilin iyul ayında yataqda mineral ehtiyatların JORC standartlarına uyğun ilk qiymətləndirilməsi, 2021-ci ilin dördüncü rübündə isə yekun qiymətləndirilməsi həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
2022-ci ilin birinci yarısında yatağın ehtiyatları JORC standartlarına uyğun olaraq qiymətləndiriləcək və tunellərin tikintisinə, ikinci yarımillikdə isə yeraltı infrastrukturun tikintisinə başlanılacaq.
““Zəfər” yatağında tammiqyaslı hasilata 2023-cü ilin birinci yarısında başlanılacaq. Lakin filizin müəyyən hissəsi artıq 2022-ci ildə hasil olunmağa başlayacaq”, - deyə şirkətin məlumatında qeyd olunur.
“Anglo-Asian Mining” şirkəti 2021-c ilin yanvar ayında Gədəbəy müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağının aşkar edilməsi barədə məlumat verib. Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir.
Yatağın ilkin qiymətləndirilməsi nəticəsində təqribən 6 milyon ton filiz kütləsinin olduğu müəyyən edilib.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.*
N.Abbasova