Ermənistanda anti-Azərbaycan və revanşist ritorika Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsini risk altına alır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.
“Ermənistanda Azərbaycana qarşı revanşist ritorika ilə müşayiət olunan nifrət ciddi narahatlıq doğurur. Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır”, - deyə o bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti Bayramovun çıxışının mətnini yayıb.
O qeyd edib ki, rəsmi Bakı İrəvana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edib.
“Ermənistanla dövlət sərhədinin 30 illik işğaldan azad edilməsindən sonra Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur. Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, Cənubi Qafqazda sülh bərqərar edilməlidir. “Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmini dəfələrlə dilə gətirib”, - deyə C.Bayramov bildirib.
XİN başçısı qeyd edib ki, Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və minalanmış ərazilərin xəritələrini təqdim etməlidir.*
X.Nəsirzadə