Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Qarabağ münaqişəsinin bütün tərəfləri bu regionun uğurlu inkişafının təminatı kimi sülhün qorunub saxlanmasında maraqlıdır.
“Rusiya bu ciddi böhranın nizamlanmasında müəyyən rol oynayıb. Heç kəs bu böhranın inkişaf etməsində maraqlı deyil - Nə Azərbaycan, nə də Ermənistan, nə də ki, Dağlıq Qarabağın sakinləri”, - deyə o, “Pryamaya liniya” (“Birbaşa xətt”) verilişində bildirib.
“Məsələnin digər tərəfi budur ki, əgər hamımız dinc və mehriban şəkildə yaşasaq, insanların həyatını yaxşılaşdırmaq üçün hər cür şərait yaradacağıq. Üstəlik, yalnız təhlükəsizlik sahəsində deyil, həm də Qarabağda yaşayan insanların normal yaşayışa, iqtisadi və sosial inkişafa yüksək səviyyədə ehtiyacının olduğunu nəzərə alaraq mövcud şəraitdə. Hər zaman silahlı münaqişənin başlanacağı əndişəsi ilə yaşamaq mümkün deyil. Biz bunu gözəl başa düşürük”, - deyə o əlavə edib.
Putin vurğulayıb ki, bunu Ermənistan və Azərbaycanın rəhbərləri də başa düşür.
Onun sözlərinə görə, problemlər həqiqətən çox yığılıb. Normal infrastrukturun bərpası, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən olunması məsələsi var, harada ki, heç vaxt dövlət sərhədi olmayıb, yalnız iki respublika arasında inzibati sərhəd olub.
“Biz indi bu işin həyata keçirilməsi prosesindəyik. Rusiya, Azərbaycan və Ermənistandan ibarət xüsusi üçtərəfli qrup yaratmışıq. Regionda normal münasibətlərin bərpa olunması üçün hər şeyi edəcəyik. Bu işdən faydalananlar sözsüz ki, Dağlıq Qarabağın sakinləri olmalıdır. Düşünürəm ki, onilliklər ərzində yığılıb qalan bütün çətinliklərə baxmayaraq, belə də olacaq”, - deyə Putin qeyd edib.*