Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlığa dair dövlətlərarası sazişin imzalanması üzərində işləməklə bağlı razılığa gəliblər.
İyunun 29-da “Rosselxoznadzor” ilə AQTA rəhbərliyi arasında videokonfrans formatında görüş keçirilib. Tərəflər “Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında” Federal Qanuna edilmiş dəyişiklikləri və onların ikitərəfli ticarətə təsirini müzakirə ediblər. Qüvvəyə minmiş dəyişikliklərə əsasən, “Rosselxoznadzor” pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirəcək. “Rosselxoznadzor” Rusiyaya gətirilən pestisidlərə və aqrokimyəvi maddələrə nəzarət qaydalarını izah edib”, - deyə Federal Xidmətin məlumatında bildirilir.
Bundan başqa, tərəflər “Pestisidlər və aqrokimyəvi maddələrdən təhlükəsiz istifadə sahəsində əməkdaşlıq haqqında” dövlətlərarası saziş layihəsi üzərində işləməklə bağlı razılıq əldə ediblər. Saziş layihəsində Rusiya Federasiyasına ixracı nəzərdə tutulmuş bitki məhsullarının istehsal yerlərində pestisidlərin və aqrokimyəvi vasitələrin tətbiqi ilə bağlı məcburi tələblərə uyğunluğunun yoxlanılması müddəaları yer alıb. Sənədin mətni işçi qaydada razılaşdırılacaq.
“Bununla yanaşı, “Rosselxoznadzor” Azərbaycan tərəfinə Rusiyaya tədarük üçün bitki mənşəli məhsul istehsal edən müəssisələrin bitki mühafizəsi sistemi ilə bağlı sualların siyahısını təqdim edəcək. Tərəflər pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi barədə məlumat mübadiləsini davam etdirəcəklər”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev