2021-ci ilin yanvar-iyun aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $101,7 milyon dəyərində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar ayında bu göstərici $8,8 milyon, fevralda $20,1 milyon, martda $18,4 milyon, apreldə $17,1 milyon, mayda $15,3 milyon, iyunda $22 milyon təşkil edib.
2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracın həcmi 30% artıb.
Mərkəzin məlumatına görə, iyun ayında ixracın həyata keçirildiyi lider ölkələrin siyahısına Aİ ölkələri (61,3%), MDB ölkələri (13,2%), Türkiyə (18,3%) və ABŞ (0,2%) daxil olub.
İyun ayında əsasən qiymətli metal külçələri (60,3%), polad boru yayması (31,1%), süd məhsulları (4,2%) və meyvə şirələri (1,8%) ixrac olunub.
Bu dövrdə yüklərin əsas hissəsi (60,4%) hava nəqliyyatı, 29,6%-i avtomobil nəqliyyatı, 8,7%-i dəmir yolu, 1,3%-i isə digər nəqliyyat növləri ilə ixrac olunub.
2020-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $182,8 milyon məbləğində ixrac həyata keçirilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.*
X.Nəsirzadə