2021-ci ilin yanvar-may aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $553,882 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar-may aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($85,5 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($57,3 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “SOCAR Polymer” ($79 milyon), “AzerGold” QSC ($54,3 milyon), “Azəralüminum” MMC ($47,9 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($39,4 milyon), “Azərenerji” ASC ($30,3 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1,2 milyon), “Azəripək” MMC ($1 milyon), “Caspian GEO” MMC ($0,769 milyon) və “Azərtütün aqrar sənaye kompleksi” MMC (0,213 milyon) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($38,6 milyon), “P-Aqro” MMC ($25,7 milyon), “Sun Food” MMC ($17,4 milyon), “Baku Steel Company” MMC ($16,2 milyon), “Azərşəkər İstehsalat Birliyi” MMC ($16,2 milyon), “RAM Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC ($11,9 milyon), “Metal Trade Ltd” MMC ($11,8 milyon), “Local garden” MMC ($11,1 milyon) və “Fruit City Group” MMC ($8,1 milyon) daxildir.
Azərbaycan yanvar-may aylarında $907,6 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.*
N.Abbasova