Beynəlxalq aviareyslərin qiymətləri xarici turistlərin cəlb edilməsində mühüm rol oynayır və biz görürük ki, bu qiymətlər rəqiblərimizdə kifayət qədər aşağıdır. Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.
“Biz bunu başa düşürük və bu məsələdə özəl və müvafiq dövlət qurumları ilə əməkdaşlıq edirik, o cümlədən yerli aviaşirkətlə sıx əlaqədəyik. Ümid edirik ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq”, - deyə Zenqstşmid bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qiymətlər təkcə Azərbaycana deyil, başqa ölkələrə uçuşlar üçün də münasib olmalıdır.
“Əgər təhlil aparsaq, görərik ki, Türkiyə, Gürcüstan və Avropada beynəlxalq reyslərə aviabiletlərin qiymətlərində kifayət qədər fərq var. İnanırıq ki, yaxın gələcəkdə müvafiq tədbirlər həyata keçiriləcək və bu məsələ öz həllini tapacaq, uçuşlar rəqabətqabiliyyətli qiymətlərlə təklif olunacaq”, - deyə baş icraçı direktor vurğulayıb.*
B.Rüstəmbəyov