Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmə orqanlarındakı mənbə məlumat verib.
Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov 2001-ci ildə Ukraynada qəsdən qətl törətməkdə şübhəli bilinir.
“Aparılan istintaqla 1965-ci il təvəllüdlü Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 2-3 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesinin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış münaqişə səbəbindən sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, - deyə Baş Prokurorluğun daha əvvəl yaydığı məlumatda bildirilir.
2021-ci il martın 15-də Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
R.Əkbərov 2020-ci ilin payızında Qarabağ müharibəsinin ilk günlərindən istefaya göndərilmişdi.*
X.Nəsirzadə