“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Bu barədə AZAL-ın məlumatında deyilir.
“Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən AZAL-a məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş icazəsi istəyib. Təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub”, - deyə məlumatda bildirilir.
Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.*