Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Xəzərin Azərbaycan sektorunda baş vermiş partlayışla bağlı araşdırma aparılır.
Mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb palçıq vulkanının püskürməsi olub.
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla bağlı videokadrlar yayılıb. Qeyd olunub ki, partlayış SOCAR-ın dənizdəki qaz yataqlarından birində baş verib.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib ki, Xəzərin Azərbaycan sektorunda partlayış palçıq vulkanının püskürməsi nəticəsində baş verib. “Püskürmə quruda baş verəndə, havaya müəyyən miqdarda alov qalxır, bundan sonra vulkan palçıq lava püskürməyə başlayır. Bənzər proses dənizdə də baş verir, sadəcə biz vulkanın püskürdüyü palçığı görmürük”, - deyə Yetirmişli bildirib. O əlavə edib ki, palçıq vulkanları 10-20 saniyə alov püskürür.*
R.Əhmədov