Bazar günü axşam saatlarında Xəzər dənizində partlayış və yanğına səbəb Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı olub. Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bəyan edib.
“Dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir”, - Əhmədov “İnterfaks-Azərbaycan”a bildirib.
O, həmçinin qeyd edib ki, yanğın nəticəsində SOCAR-ın sənaye obyektlərinə zərər dəyməyib.
“Yanğın baş verən ərazinin yaxınlığıda neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb”, - İbrahimov deyib. **
N.Abbasova