Xəzər dənizində Daşlı adada vulkan püskürməsi sonuncu dəfə 1945-ci ildə qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlibəyan edib.
“Dünənki palçıq vulkanı Daşlı ada yaxınlığında püskürüb. Bu vulkan çoxdan püskürmürdü. Sonuncu dəfə 1945-ci ildə püskürüb”, - Yetirmişli bazar ertəsi jurnalistlərə bildirib.
O, həmçinin bildirib ki, püskürtmə nəticəsində ölən və yaralananlar barədə məlumat daxil olmayıb.
Xatırladaq ki, iyulun 4-də sosial şəbəkələrdə Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla bağlı videokadrlar yayılıb. Qeyd olunub ki, partlayış guya SOCAR-ın dənizdəki qaz yataqlarından birində baş verib.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib. Onun sözlərinə görə, Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub.Yanğın nəticəsində SOCAR-ın sənaye obyektlərinə zərər dəyməyib. “Yanğın baş verən ərazinin yaxınlığıda neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb”, - İbrahimov deyib.
Fövqəladə Hallar Nazirliyi aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda baş vermiş partlayışla əlaqədar araşdırma aparır.**
X.Nəsirzadə