Azərbaycanda Xəzər dənizində Daşlı adasında palçıq vulkanının püskürməsi ilə əlaqədar ekspedisiya qrupu yaradılacaq, həmin qrup hadisə yerində ekoloji vəziyyətin monitorinqini keçirəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Departamentinin müdiri Rasim Səttarzadə bəyan edib.
“ETSN, FHN, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu “Alif Hacıyev” elmi-tədqiqat gəmisi ilə Xəzər dənizinə və ətraf mühitə təsirin təhlili, o cümlədən hazırki ekoloji vəziyyətin qiymətləndiriməsi məqsədilə dənizə çıxacaq”, - Səttarzadə bazar ertəsi jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, Bakı və Abşeron yarımadasında küləkli hava şətraiti ilə əlaqədar gəmilərin bu rayona yan alması çətinləşib.
Xəbər verildiyi kimi, iyulun 4-də sosial şəbəkələrdə Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla bağlı videokadrlar yayılıb. Qeyd olunub ki, partlayış guya SOCAR-ın dənizdəki qaz yataqlarından birində baş verib.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib. Onun sözlərinə görə, Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub.Yanğın nəticəsində SOCAR-ın sənaye obyektlərinə zərər dəyməyib. “Yanğın baş verən ərazinin yaxınlığıda neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb”, - İbrahimov deyib.
Fövqəladə Hallar Nazirliyi aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda baş vermiş partlayışla əlaqədar araşdırma aparır.**
X.Nəsirzadə