2020-ci il dekabrın 30-dan 2021-ci il iyunun 30-dək Azərbaycandan TAP kəməri ilə Avropa qaz ixracının həcmi təqribən 3 milyard kubmetr təşkil edib. Bu barədə Beynəlxalq Enerji Agentliyinin(IEA)2021-ci ilin 3-cü rübü ərzində qaz baraına dair hesabatında deyilir.
“2021-ci ilin birinci yarısı ərzində Azərbaycandan Avropaya təxminən 3 milyard kubmetr qaz nəql olunub. Ümumilikdə, 2021-ci il ərzində Avropaya 5-5,5 milyard kubmetr səviyyəsində Azərbaycan qaznın nəqli gözlənilir”, - agentlik qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Öncə energetika naziri Pərviz Şahbazov məlumat verib ki, 2021-ci ildə Azərbaycan TAPilə Avropaya 5 milyard kubmetrdən çox qaz ixrac edəcək.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.**
N.Abbasova