“AzerGold” QSC 5 il ərzində 248 min unsiya qızıl və 446 min unsiya gümüş satıb. Bunu QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
2021-ci il iyulun 5-də “AzerGold”un fəaliyyətinin 5 ill tamam olub.
““AzerGold” 5 il ərzində 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib. Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,3 faizi həcmində vəsait ayrılıb”, - deyə İbrahimov “AzerGold”un 5 illik fəaliyyətinə dair açıqlamasında bildirib.
O qeyd edib ki, bu 5 ildə dövlət büdcəsinə 55,5 milyon manatdan çox məbləğdə vergi və rüsumlar ödənilib.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
B.Rüstəmbəyov