2021-ci ilin oktyabr ayında Bakıda Azərbaycan-Türkiyə Enerji Forumu keçiriləcək. Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat verir.
“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında iki ölkənin son dövrlərdə imzaladığı sənədlərdə əksini tapmış enerji məsələlərinin müzakirəsi məqsədilə onlayn formatda görüş keçirilib.Həmçinin, tərəflər bu ilin oktyabrında Bakıda Azərbaycan-Türkiyə Enerji Forumunun keçirilməsini razılaşdırıblar”, - məlumatda deyilir.
Məlumata əsasən, forumun karbohidrogen, neft-kimya, bərpa olunan enerji və digər istiqamətlər üzrə Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığının inkişafına töhfə verəcəyi gözlənilir.
Görüşdə bu ilin 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan və Türkiyə liderlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”, eləcə də digər sənədlərdəki energetika sahəsində əməkdaşlığa dair müddəaları müzakirə ediblər.
“Şuşa Bəyannaməsi” bütün sahələrdə, o cümlədən enerjidə dost, qardaş, tərəfdaş münasibətlərimizi müttəfiqlik statusuna yüksəltdi. Bu sənəddə yer alan “Cənub Qaz Dəhlizi” və elektrik enerjisi sahəsində regional əməkdaşlıq məsələləri, həmçinin işğaldan azad edilmiş ərazilərin Azərbaycan prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilməsi Türkiyə ilə enerji əməkdaşlığımızı dərinləşdirir”, - Şahbazov bəyan edib.
Bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı hazırda Türkiyə şirkətləri ilə müzakirələr aparıldığını bildirən nazir, eyni zamanda, 2022-ci ildən keçirilməsi planlaşdırılan hərraclarda iştirakın mümkünlüyünü də diqqətə çatdırıb.
Dönməz TPAO və SOCAR-ın hər iki ölkədə uğurlu fəaliyyətindən bəhs edərək, üçüncü ölkədə birgə əməkdaşlığın strateji əhəmiyyətinə və perspektivlərinə toxunub.
Həmçinin, tərəflər müzakirələr zamanı enerji əməkdaşlığının digər mühüm istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. **
N.Abbasova