Iqtisadiyyat Nazirliyi yanında Məsələləri Dövlət Xidməti (ƏMDX)“Tibb Texnikasının Təmiri Zavodu” və “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-lərin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Tibb Texnikasının Təmiri Zavodu”nun özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 1 milyon 845,056 min manat olan 922,528 min səhmi satışa çıxarılacaq. Müəssisənin 635,306 min manat öhdəlikləri və 273,925 min manat debitor borcları var.
Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu”nun özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində isə satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri 2 milyon 930,776 min manat, səhmlərin sayı 1 milyon 465,388 mindir. Müəssisənin 823,436 min manat dəyərində öhdəlikləri və 62,971 min manatlıq debitor borcları var.
Bu müəssisələrin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2,5 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması ilə bağlı təkliflərini verməlidir.
Hər iki səhmdar cəmiyyət üzrə iddiaçılar dövlət büdcəsinə ödəniləcək vəsaitə dair (1 minyon manatdan az olmamaqla) təkliflərini bildirməlidir.
Müsabiqənin qalibləri nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 60 gün müddətində əməkhaqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməli, təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üçün təkliflərin qəbulu 2021-ci il iyulun 26-dək həyata keçiriləcək. Təkliflərin qiymətləndirilməsi iyuulun 28-də baş tutacaq. **
B.Rüstəmbəyov