ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2021-2022-ci illər üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozu müvafiq olaraq 0,01 milyon və 0,02 milyon barel azaldıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-nın aylıq proqnozunda bildirilir.
EIA-nın məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,73 milyon barel həcmində iyun göstəricisinə qarşı 0,72 milyon barel səviyyəsində proqnozlaşdırılır.
I rübdə Azərbaycanda gündəlik neft hasilatı 0,74 milyon barel, II rübdə 0,69 milyon barel təşkil edib, III rübdə 0,7 milyon barel (iyun proqnozu - 0,71 milyon barel), IV rübdə 0,74 milyon barel (iyun proqnozu - 0,75 milyon barel) səviyyəsində proqnozlaşdırılır.
EIA 2022-ci ildə Azərbaycanda gündəlik neft hasilatını 0,76 milyon barel həcmində (iyun proqnozu – 0,78 milyon barel) gözləyir.
EIA gələn ilin I rübündə gündəlik neft hasilatını 0,76 milyon barel (iyun proqnozu – 0,77 milyon barel), II rübdə 0,77 milyon barel (iyun proqnozu – 0,79 milyon barel), III rübdə 0,75 milyon barel (iyun proqnozu – 0,76 milyon barel), IV rübdə 0,78 milyon barel (iyun proqnozu - 0,79 milyon barel) səviyyəsində proqnozlaşdırır.
EIA-nın məlumatına görə, 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,7 milyon barel təşkil edib.
Azərbaycan neft hasilatının azaldılmasını nəzərdə tutan OPEC+ razılaşmasının iştirakçılarından biridir. Razılaşma çərçivəsində 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda gündəlik neft hasilatı (kondensat nəzərə alınmadan) 595 min bareli ötməməli idi.
“OPEC+” ölkələri nazirlərinin 1 aprel 2021-ci il tarixində keçirilən 15-ci iclasında qəbul edilmiş qərara əsasən, ölkədə gündəlik xam neft istehsalı mayda 603 min barel, iyunda 610 min barel, iyulda isə 620 min barel həcmində saxlanılacaq.*
N.Abbasova