Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutması nəticəsində dağılmış yaşayış və qeyri-yaşayış obyektlərinin sürətlə bərpa olunduğunu qeyd edir.
“Hazırda 11 rayon və şəhər ərazisində - Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır”, - deyə komitənin məlumatında bildirilir.
İndiki mərhələdə 6,3 mindən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri artıq yekunlaşdırılıb, digər zərər çəkmiş tikililərin yenidənqurma və bərpası üzrə işlər isə surətlə davam edir.
Bununla yanaşı, 156 dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi ev və qeyri-yaşayış obyektlərinin yerində yeniləri inşa olunur, onlardan Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Mingəçevir və Füzuli üzrə 65 fərdi yaşayış evlərinin inşası artıq yekunlaşaraq sakinlərin istifadəsinə verilib.*
X.Nəsirzadə