Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanmış Şuşa Bəyannaməsi təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi olmaqla Cənubi Qafqaz və Avrasiya üçün strateji əhəmiyyət daşıyır. Bunu Prezident İlham Əliyev deyib.
“Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir. Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi. Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır”, - deyə dövlət başçısı “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində bildirib.
O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir.
“Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır. Ölkələrimizin enerji təhlükəsizliyinin təminatındakı qlobal rolu da Avrasiyada davamlı əməkdaşlıq və xalqların rifahı üçün möhkəm təməl olaraq qalacaqdır”, - deyə İ.Əliyev vurğulayıb.
İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalayıblar.*
X.Nəsirzadə