Azərbaycan və İtaliya iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bunu Azərbaycanın Romadakı səfiri Məmməd Əhmədzadə deyib.
“İtaliya ilə Azərbaycan arasında əməkdaşlıq iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edir. Bunu Hökumətlərarası Komissiyanın iclaslarında müzakirə edilən məsələlərin siyahısında da görmək olar. Komissiyanın gündəliyinə energetika ilə yanaşı, infrastruktur, kənd təsərrüfatı, turizm, qida təhlükəsizliyi, ətraf mühit, nəqliyyat, səhiyyə, mədəniyyət, elm, texnologiya və kommunikasiya kimi sahələrdə daha sıx əməkdaşlıq və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi daxildir”, - deyə M.Əhmədzadə “Opinio Juris” jurnalına müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, səfir qeyd edib ki, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 90%-dən çoxu Azərbaycanın payına düşür. “Azərbaycan Cənubi Qafqaz regionunda İtaliya ixracının həyata keçirildiyi əsas istiqamətdir (2020-ci ildə 7% artım). Ümumilikdə, İtaliya Azərbaycana 770 milyon avroya yaxın investisiya yatırıb, Azərbaycanın bu ölkəyə investisiyaları isə 1,7 milyard avro həcmində qiymətləndirilir”, - deyə o vurğulayıb.
M.Əhmədzadə İtaliya şirkətlərinin Azərbaycanda aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb. “Ölkədə müxtəlif sektorlarda 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri ilə həm ölkə xaricində, həm də ölkə daxilində layihələr üzrə 10 milyard avrodan artıq məbləğdə podrat müqavilələri imzalanıb”, - deyə səfir vurğulayıb.*
E.Şəfiyev