Bakı və Ankara 2021-ci ilin dördüncü rübündə maliyyə texnologiyaları sahəsində əməkdaşlığın Yol Xəritəsinin müəyyənləşdirilməsi üçün texniki işçi qrup yaratmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Bu tədbir hökumətlərarası komissiyanın 2021-ci ilin fevral ayında keçirilmiş iclasının yekunları üzrə tərəflər arasında imzalanmış Fəaliyyət Planının bəndlərindən biridir”, - deyə mənbə bildirib.
Texniki qrupun yaradılması ilə Azərbaycan Mərkəzi Bankı və Türkiyə Prezidenti yanında Maliyyə Ofisi məşğul olacaq.
Bundan başqa, həmin qurumlar Azərbaycan şirkətlərinin İstanbul Maliyyə Mərkəzi ilə daha sıx qarşılıqlı əlaqəsi üçün şərait yaratmağı planlaşdırır.
Mənbə vurğulayıb ki, Bakı və Ankara Azərbaycan və Türkiyə sərmayədarları üçün hər iki ölkənin kapital bazarlarında əməliyyatlar sahəsində əlçatanlığın sadələşdirilməsi məqsədilə birləşdirilmiş hesabın (Omnibus account) açılması üzrə işləri 2021-ci ilin sonuna kimi başa çatdırmaqla bağlı razılığa gəlib.
Azərbaycan və Türkiyə Mərkəzi bankları, həmçinin 2021-2022-ci illərdə maliyyə sahəsində alternativ maliyyə alətlərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparacaqlar.*
X.Nəsirzadə