Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb. Bu barədə aeroportun mətbuat xidmətindən məlumat verilib.
“Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb. Ümumilikdə 37 istiqamət üzrə uçuş həyata keçirilir (2021-ci ilin iyul ayına olan məlumat). AZAL 9 istiqamətdə reyslər yerinə yetirir (uçuşların ümumi sayının təxminən 24 faizi)”, - deyə məlumatda bildirilir.
COVID-19 pandemiyası başlamazdan əvvəl 30-dan çox aviaşirkət Azərbaycana uçuş həyata keçirirdi, istiqamətlərin ümumi sayı isə 60-dan çox təşkil edirdi.
“Epidemioloji vəziyyət yaxşılaşdıqca, Azərbaycan COVID-19 pandemiyası səbəbindən dayandırılmış beynəlxalq hava əlaqələrini mərhələli şəkildə bərpa edir. Milli aviadaşıyıcı AZAL və onun törəmə müəssisəsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti ilə yanaşı, “Turkish Airlines”, “Lufthansa”, “Qatar Airways”, “Aeroflot”, “S7”, “flyDubai” kimi iri aviaşirkətlər, habelə “Pegasus”, “SkyUp Airlines” kimi aşağıbüdcəli aviaşirkətlər və bir sıra digər aviadaşıyıcılar ölkəyə uçuşlarını bərpa ediblər və ya uçuş icra etməyə hazırlaşırlar”, - deyə məlumatda qeyd olunur.
Hazırda sərnişin tələbatının daha çox olduğu istiqamətlər Rusiya (19 şəhər) və Türkiyədəndir (7 şəhər). Azərbaycandan hava yolu ilə həmçinin Almaniya, Ukrayna, Belarus, Böyük Britaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səyahət etmək mümkündür.
Azərbaycanın digər beynəlxalq hava limanlarından da hava əlaqələri bərpa edilib. Belə ki, Bakıdan əlavə, Naxçıvandan İstanbul (“Turkish Airlines”) və Moskva (“Utair”), Gəncə hava limanından İstanbul (“Turkish Airlines”), Moskva və Sankt-Peterburq (“Ural Airlines”), Lənkəran hava limanından Moskva (“Ural Airlines” və “Nordwind”) və Sankt-Peterburq (“Nordwind”) istiqamətlərində birbaşa uçuşlar icra edilir.
COVID-19 pandemiyasından əvvəl Azərbaycanın hava limanlarında illik sərnişin axını təxminən 5 milyon nəfər təşkil edirdi.*
N.Abbasova