İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında telefon danışığı baş tutub, ikitərəfli münasibətlər və Əfqanıstandakı vəziyyət müzakirə edilib.
Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı Tacikistan tərəfinin təşəbbüsü ilə baş tutub.
“Dövlət başçıları Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual aspektlərini, xüsusən tərəflərin iqtisadi-ticari əlaqələrini müzakirə edərək, son illərdə bu əlaqələrin inkişafının müsbət dinamikasını vurğulayıblar”, - deyə məlumatda bildirilir.
Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.
Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranan həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.
Tacikistan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidentini onun üçün münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.
Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.*
X.Nəsirzadə