İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Trallidi bildirib ki, İtaliya şirkətləri Azərbaycanda kommersiya fəaliyyətinin genişləndirilməsində maraqlıdırlar.
“Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla görüşdə təəflər iki ölkənin biznes icmaları arasında münasibətləri, əməkdaşlığın perspektivlərini və birgə tədbirlərin təşkili ilə bağlı məsələləri müzakirə ediblər”, - deyə İtaliyanın “La Tribuna” nəşri xəbər verir.
Nəşr qeyd edir ki, 2020-ci ildə İtaliya Azərbaycanın 1 nömrəli ticarət tərəfdaşı olub, qarşılıqlı ticarətin həcmi $4,5 milyarda, 2021-ci ilin 5 ayı ərzində $2,8 milyarda çatıb. Azərbaycan İtaliyaya xam neftin ən iri tədarükçüsü olub. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 90%-dən çoxu Azərbaycanın payına düşür.
Azərbaycanın İtaliya iqtisadiyyatına investisiyaları 1,7 milyard avro həcmində qiymətləndirilir, İtaliya isə Azərbaycana 770 milyon avroya yaxın sərmayə yatırıb. İtaliya şirkətləri ilə Azərbaycanda 10 milyard avroluq layihələr üzrə podrat müqavilələri bağlanıb. Hazırda Azərbaycanda İtaliya kapitalı ilə 100-dən çox şirkət qeydiyyata alınıb.*
E.Şəfiyev