Prezident İlham Əliyev “Elektrik enerjisi istehsalında bərpa olunanenerji mənbələrindən istifadə haqqında” Qanunu təsdiq edib.
Qanunun mətni dövlət başçısının saytında dərc olunub.
Bu Qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Qanunun tətbiq edilməsi üçün Prezident İ.Əliyevin bu gün imzaladığı müvafiq fərmana əsasən, Nazirlər Kabinetinə 9 ay müddətində bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını əks etdirən bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabineti, həmçinin istehsal edilən elektrik enerjisinin güc həddini, habelə aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Bundan başqa, Nazirlər Kabineti “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin Əsasnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Energetika Nazirliyinə “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılmasını doqquz ay müddətində təmin etmək və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görmək tapşırılıb.
Nazirlər Kabineti bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydasını və formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Fərmana əsasən, Tarif Şurasının funksiyalarına bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin topdansatış qiymətlərinin, eləcə də elektrik enerjisinin ötürülməsi və paylanması tariflərinin təsdiq edilməsi daxildir.
“Azərenerji” elektrik enerjisinin zəmanətli tariflərlə satın alınmasını həyata keçirən dövlət orqanı olaraq müəyyən edilib.
Fərman Energetika Nazirliyinin səlahiyyətlərini də müəyyən edir.*
X.Nəsirzadə