Bakı şəhərində yerləşən şadlıq saraylarında toy və digər şənlik mərasimlərinin təşkili zamanı karantin qaydalarının pozulması faktları üzrə 12 cinayət işi başlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Son 3 gün ərzində paytaxtda yerləşən 300-ə yaxın şadlıq sarayında yoxlamalar aparılıb.
“Nəticədə 12 şadlıq sarayında («Gülüstan», «Golden Baku», «Billur», «Kral», «Aura», «SS Hall», «Ərzurum», «Neon Palace», «Kleopatra», «Sevən ürəklər», «Xan bağı», «Şuşa») xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən edildiyindən, hər bir fakt üzrə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar”, - deyə məlumatda bildirilir.
4 şadlıq sarayı və 1 restoranda isə («Yeganə», «Amor», «İdeal», «Retro», «Səda») aşkar edilmiş qayda pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib.
Yoxlamalar nəticəsində bəzi şadlıq saraylarının toyların təşkili zamanı «icaze.e-gov.az» portalından qeydiyyatdan keçməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bəzi şəxslərin vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədin olmaması, eləcə də şənliklərin saat 24:00-dan sonra da davam etməsi müəyyən edilib.
Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilir. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb.*
X.Nəsirzadə