Azərbaycan prezident İlham Əliyev yenidən bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub.
“Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu”, - Əliyev çərşənbə axşamı Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı zamanı bildirib.
Əliyev vurğulayıb ki, Azərbaycan 2020-ci ilin payızında Qarabağda müharibə zamanı erməni işğalından azad olunan əraziərin bərpası prosesinə başlayıb. “Biz azad olunmuş ərazilərdə yenidənqurma işlərinə artıq başlamışıq. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq”, - o qeyd edib.
Prezident əlavə edib ki, əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. “2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin”, - Əliyev deyib. **
E.Şəfiyev, X.Nəsirzadə