Zəngin dövlətlər COVİD-19 əleyhinə peyvəndlərin əksər hissəsini aldıqlarına görə inkişaf etməkdə olan ölkələr öz əhalisini koronavirus infeksiyasından tam qoruya bilmirlər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bu günədək dünyada mövcud olan peyvəndlərin 82%-dən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9% təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur», - Əliyev çərşənbə axşamı Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı zamanı bildirib.
Prezident tələbatdan artıq vaksin alan inkişaf etmiş ölkələrin hərəkətlərini “peyvənd millətçiliyi” adlandırıb. O vurğulayıb ki, Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb.
Bununla əlaqədar, Əliyev qeyd edib ki, bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.
“Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq”, - Əliyev qeyd edib. **
X.Nəsirzadə