Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayıb.
“Son günlərdə Ermənistan tərəfi ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutur. Biz bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq”, - deyə XİN-in bəyanatında bildirilir.
Rəsmi Bakı hesab edir ki, Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir.
“Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir”, - deyə XİN vurğulayıb.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.
“Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə