Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli razılaşmada nəzərdə tutulub.
“Mən həmişə postsovet respublikaları ilə məsələlərin üçtərəfli həllinə çağırmışam - buna görə məni Ermənistanda tənqid edirdilər ki, nə üçün onların tərəfini saxlamıram. Mən isə hər zaman deyirdim ki, siz öz problemlərinizi heç bir Minsk qrupunda həll etməyəcəksiniz. Nə amerikalılar, nə də fransızlar bunda maraqlı deyillər. Onların məqsədi Rusiyaya zərər verməkdir. Cənubi Qafqazı niyə sakitləşdirsinlər ki? Mən bunu təkcə mətbuatda deməmişəm. Bunu şəxsən Prezident İlham Əliyevə və prezident olarkən Serj Sarkisyana da demişəm”, - deyə Kalaşnikov Rusiyanın “Svobodnaya pressa” nəşrinə müsahibəsində bildirib.
O əlavə edib: “Nə üçün üçtərəfli format? Bu, Ermənistan və Azərbaycan üçün vacibdir, hər iki ölkə prezident Putinə hörmət edir. Niyə bundan faydalanmayaq?”.
“Ərdoğan Ermənistana müraciətində doğru deyib: ermənilərə indi sərhədləri açmaq faydalıdır. Zəngəzur dəhlizi üçtərəfli sazişdə nəzərdə tutulub - amma ermənilər türklərə deməlidirlər: siz də sərhədləri açın, biz ticarətə başlayaq! Qoy Azərbaycan da sərhədləri açsın – bu halda ermənilər dəmir yolu ilə Rusiyaya gedə biləcəklər!”. İndi ermənilərə vacib olan budur! Ermənistan on illər ərzində təcrid olunmuş vəziyyətdə idi, ermənilər müharibədə iştirak etməsinlər deyə uşaqları, xüsusən oğlanları ölkədən çıxarırdılar! Amma indi Qarabağ düyünü açılıb, təəssüf ki, bu müharibənin köməyi ilə baş verdi”, - deyə o əlavə edib.
Kalaşnikov Ermənistanın KTMT-ni Azərbaycanla sərhəd mübahisəsinin həllinə cəlb etmək cəhdlərini axmaqlıq adlandırıb. “Azərbaycanlılar iki kilometr uzunluğundakı sahədə “qırmızı xətt”i keçəndə İrəvan KTMT-ni köməyə çağırdı! Mən Ermənistan nümayəndə heyəti ilə söhbət zamanı açıq şəkildə soruşdum: delimitasiyanın nə qədər mürəkkəb olduğunu təsəvvür edirsinizmi? Siz Azərbaycanla diplomatik əlaqələr belə qurmamısınız! Delimitasiya sərhədin iki kilometri uğrunda müharibə mövzusu yox, danışıqlar mövzusudur. KTMT-nin cəlb edilməsi İrəvan üçün nə məna daşıyır - Bakı ilə yenicə yaranmağa başlamış münasibətləri tamamilə məhv etmək?! Belə məsələləri hərbi güc yolu ilə, üstəlik, Rusiyanı cəlb etmək hesabına həll etmək axmaqlıqdır, KTMT bunun üçün yaradılmayıb!”, - deyə komitə sədri qeyd edib.*
A.Əzizov