Hazırda Azərbaycanda 4 regional DOST mərkəzinin layihələndirilməsi başa çatıb. Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.
“Abşeron DOST mərkəzinin açılışı ilə biz regional mərkəzlərin açılması üzrə işlərə start verdik. Tezliklə layihələndirmə işləri artıq başa çatmış bir neçə mərkəzin tikintisi planlaşdırılır, bu istiqamətdə müvafiq işlər görülür. Bu, Bərdə, Quba, Sumqayıt və Gəncə mərkəzləridir. Həmçinin Sabirabad, Şəki, Masallı mərkəzlərinin yaradılması istiqamətində də müvafiq işlər görülür”, - deyə Məmmədov AzTV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, Qarabağda da DOST mərkəzlərinin yaradılması nəzərdə tutulur. “Mərkəzin filiallarının ya Füzuli rayonunda, ya da Cəbrayıl rayonunda açılmasını planlaşdırırıq. Şuşada da filialın açılması planlarımıza daxildir”, - deyə sədr qeyd edib.
Hazırda Azərbaycanda 5 DOST Mərkəzi (Bakıda 4, Abşeron rayonunda 1) fəaliyyət göstərir.*
X.Nəsirzadə