Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2021-ci ilin I yarısında 32,171 min unsiya qızıl ekvivalenti həcmində qiymətli metal hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1% azdır. Bu barədə şirkətin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında şirkət tərəfindən Azərbaycanda 24,249 min unsiya qızıl (azalma 12,4%), 1,333 min ton mis (artım 10,4%), 78,931 min unsiya gümüş (artım 34,7%) hasil edilib.
Hesabat dövründə Gədəbəy yatağından 23,332 min unsiya qızıl (azalma 11,9%), 4,916 min unsiya gümüş (artım 46,2%) hasil edilib.
“I yarımillikdə dünya bazarlarında bir unsiyası $1,776 min olan 19,582 min unsiya qızıl külçəsi (azalma 18,3%) satılıb. 2020-ci ilin I yarısında isə şirkət 1 unsiyası $1,649 min təşkil edən qızıl külçəsi satıb”, - deyə məlumatda bildirilir.
Cari ilin I yarısında şirkət $9,066 milyon dəyərində 3,467 min ton mis konsentratı (azalma 37,5%) satıb.
AAM 2021-ci ildə Azərbaycanda qızıl hasilatını 48-54 min unsiya səviyyəsində proqnozlaşdırır (2020-ci ildə faktiki qızıl hasilatı 56,864 min unsiyaya bərabər olub), azalma 5%-dən 15,6%-ə qədər təşkil edəcək.
Cari ildə ölkədə 2,5-2,8 min ton mis hasil edilməsi planlaşdırılır, ötən il faktiki hasilat 2,591 min ton təşkil edib.
Hazırda “Anglo Asian Mining” qiymətli metal hasilatını “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən həyata keçirir.
Azərbaycanda qızıl və gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də Production Sharing Agreement tipli müqavilə imzalayıb. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.*
N.Abbasova