Prezident İlham Əliyev “Təhsil Nazirliyinin tabeliyindəTəhsilin İnkişafı Fondunun yaradılması haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondunu bir ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir.
Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır: Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar; ianələr, qrantlar və cəlb edilən investisiyalar; Fondun fəaliyyətindən əldə olunmuş gəlir; qanunla qadağan olunmayan digər mənbələr.
Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun nizamnaməsini iki ay müddətində təsdiq etməlidir.
Fərmanın mətni dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə