30 iyun 2021-ci il tarixinə Britaniyanın “Anglo Asian Mining” şirkətinin (AAM – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) sərəncamında $36,6 milyon məbləğində pul vəsaiti var. Bu barədə şirkətin məlumatında deyilir.
“Cari ilin II rübü ərzində şirkət xalis pul vəsaitlərini $13,7 milyon artırıb, belə ki, martın 31-nə onların məbləği $22,9 milyon təşkil edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 30 iyun 2021-ci il tarixinə olan vəziyyətə görə, şirkətin bank borcu yoxdur.
“Cari ilin ikinci rübündə şirkət $1,2 milyon məbləğində korporativ vergi (mənfəət) ödənişləri həyata keçirib”, - deyə məlumatda qeyd olunur.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.*
N.Abbasova