Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində görülmüş işlər barədə üçüncü Könüllü Milli Hesabatı BMT-yə təqdim edib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Hesabat BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forumunda təqdim olunub.
Məlumata görə, Azərbaycan bu il dünyada 10 ölkədən biri olmaqla, regionda və MDB məkanında ilk dəfə Üçüncü Könüllü Milli Hesabat təqdim edir.
Təqdimatı Azərbaycan Hökuməti adından baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov edib.
Ə.Əhmədov ötən dövr ərzində ölkəmizdə DİM-lərin icrası sahəsində görülmüş işlər, səhiyyə sisteminin gücləndirilməsi, iqtisadi fəallığın bərpası, qeyri-neft sektorunun dinamik artımının təmin edilməsi, milli innovasiya sisteminin inkişafı istiqamətində atılmış addımlar barədə məlumat verib.
Qeyd edilib ki, dayanıqlı inkişaf üzrə məlumatların toplanması və təhlili davamlı olaraq təkmilləşdiriləcək, DİM Maliyyələşdirmə Mexanizminin yaradılması kimi məsələlər diqqətdə saxlanılacaq.
O vurğulayıb ki, 2020-ci ilin noyabrında Ermənistanla Azərbaycan arasında münaqişənin sona çatması regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmağa, Azərbaycanın və bütövlükdə, regionun inkişafına böyük təkan verəcək.
Eyni zamanda, növbəti mərhələdə Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətini ölkəmizin işğaldan azad edilmiş və dağıntıya məruz qalmış bölgələrinin yenidən qurulmasının, məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıdışının təşkil edəcəyi bildirilib.
Azərbaycan BMT-yə birinci Könüllü Milli Hesabatı 2017-ci ilin iyul ayında, 2-ci hesabatı isə 2019-cu ildə təqdim edib.*
X,Nəsirzadə