Bakının Qoşulmama Hərəkatına sədrliyi daha 1 il müddətinə uzadılıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra üzv dövlətlərin təşkilata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb”, - deyə məlumatda bildirilir.
Bu qərar iyulun 13-14-də Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda onlayn formatda keçirilən aralıq konfransında qəbul edilmiş Siyasi Bəyannamədə öz əksini tapıb.
“Sənəddə, həmçinin Azərbaycan tərəfinin təklifinə uyğun olaraq, təşkilata üzv dövlətlərdə postmünaqişə dövrü bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyətinin əhəmiyyəti qeyd edilərək, bu xüsusda mina və digər partlamamış hərbi sursatlarla çirklənməyə ən çox məruz qalmış üzv dövlətlərdə səmərəli minatəmizləmə fəaliyyətinin və bu prosesə beynəlxalq dəstəyin vacibliyi vurğulanır”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova