Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümünü ilə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
“Şübhəsiz, Türkiyə Respublikası bu çətin sınaqdan daha da güclənərək çıxmışdır. Son illər ərzində Sizin müdrik rəhbərliyiniz altında qardaş ölkənizin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlər Türkiyə dövlətçiliyi üçün “Demokratiya və Milli Birlik Günü”nün əhəmiyyətini bir daha vurğulayır”, - Azərbaycan liderinin saytında dərc olunan məktubda deyilir.
Əliyev qeyd edib ki, Azərbaycan xalqı və dövləti “bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyərək birmənalı mövqeyini ortaya qoymuşdur”. “Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır”, - prrezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan, sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verən Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsindədir. “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəriniz zamanı imzaladığımız Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərimizi keyfiyyətcə yeni müstəviyə qaldıraraq, əməkdaşlığımızın gələcək istiqamətlərini müəyyən edir. Əminəm ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığının “Bir millət iki dövlət” şüarına uyğun olaraq daha da möhkəmləndirilməsi və inkişafı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi davam etdirəcəyik”, - prezident Əliyev yazıb. **
A.Əzizov